mobil versiya

İsraildə işləyən həkim Gülnar Nuriyeva: “Hamilələrin əksəriyyəti COVID-19-u uşaqlara ötürmür” – MÜSAHİBƏ



Məqalənin hazırlanması zamanı İsraildə COVID-19-a 12 855 yoluxma qeydə alınıb, 148 nəfər ölüb. Ölənlərin yaşı: 37-98 yaş (orta yaş - təxminən 80 yaş) aralığında olub. Edilən testlərin sayının İsraildə əhalinin sayına nisbəti dünyada ən yüksək göstəricilərdəndir. Ölkədə koronavirus testləri aparan 30-dan çox laboratoriya mövcuddur.

İsraildəki COVID-19-la mübarizə üsulları, həmçinin, koronavirusun hamiləliyə təsiri haqqında Media.Az-a bu ölkədə çalışan həmyerlimiz, mama-ginekoloq Gülnar Nuriyeva danışıb.



- İsraildə nə qədər müddətdir yaşayırsınız?

- Üçüncü ildir ki, Qüdsdə yaşayıram və “Hadassah Mont Scopus” xəstəxanasının ginekologiya şöbəsində çalışıram. Ekstrakorporal mayalanma ilə məşğulam.

- Koronavirus pandemiyası həkim fəaliyyətinizə necə təsir göstərib?

- Təxminən martın ortalarından bütün dünyada EKM müalicəsi dayandırılıb. Ancaq biz martın sonuna qədər son yumurtahüceyrələrini toplaya bildik və aprelin 5-də embrionların köçürülməsini həyata keçirdik. O vaxtdan bəri növbəli rejimdə işləyirik və xəstələri aktiv şəkildə qəbul etmirik. Yalnız doğuş və təcili halları qəbul edirik.

- İsraildə koronavirusla bağlı vəziyyət necədir?

- İsrail koronavirusa reaksiya verərək, dərhal sərhədlərini bağlayan və həmçinin, özünütəcrid tədbirləri tətbiq edən ilk ölkələrdən biridir. Bütün xəstəxanalarda COVID-19 xəstələrini qəbul edə biləcək xüsusi şöbələr yaradılıb. Ancaq buna baxmayaraq, yerli sakinlər, xüsusən də dindarlar bu tədbirlərə bir o qədər də riayət etmirlər. Pesax bayramı günlərində əhalinin bu hissəsi arasında bir çox yoluxmuş şəxs aşkarlandı. Ancaq ümumilikdə, təşviş yoxdur, insanlar özünütəcrid tədbirlərinə sakit yanaşırlar. Maska və dezinfeksiyaedici maddələrin çatışmazlığı da yoxdur.

- COVID-19 hamiləliyə necə təsir edir?

- Bütün bu prosesin başlanğıcında ginekoloqları bir sual çaşdırdı: virus hamilə qadınlara necə təsir edəcək? Tədqiqatların ilk nəticələri onu göstərdi ki, anadan dölə şaquli keçid yoxdur. Ciftdə, dölətrafı mayedə, vaginal yaxmada, ana südündə və körpələrin burun-udlağında virus aşkarlanmadı.

Bundan sonra bütün dünyada məşhur “Jama Pediatrics” jurnalında analarında COVID-19 aşkarlanan 33 yeni doğulmuş uşağın nəticələrini göstərən bir məqalə yayımlandı. Yalnız qeysəriyyə əməliyyatı ilə doğulmuş üç oğlan uşağında həkimlər virus aşkarladılar. Doğuş prosesində cərrahi müdaxilənin səbəbi sətəlcəm və doğuş edən qadınlardakı digər sağlamlıq problemləri olub. Həmin yenidoğulanlarda yaxmaların nəticəsi ikinci və dördüncü gündə müsbət olub, artıq altıncı sutkada isə mənfi nəticələnib.

Bu sahədəki son məlumatlar isə ABŞ-da təqdim edilib. Aprelin 6-da “Americаn Journal of Obstetrics and Gynecology” jurnalında dünyaya uşaq gətirən COVID-19 xəstəsi 43 qadın haqqında bir araşdırma yayımlanıb. Onlardan 37-də xəstəlik simptomsuz keçib. Bütün körpələr doğuşdan dərhal sonra koronavirus testindən keçirilib və nəticələr mənfi olub.

Bu məlumatlar yekun nəticə çıxarmaq üçün kifayət etməsə də, artıq hamilə qadınların uşaqlara ötürmədən xəstəliyi asimptomatik olaraq keçirdiyini söyləmək olar. Bu o deməkdir ki, koronavirus qeysəriyyə əməliyyatı üçün bir göstərici deyil. Doğuşlarda iştirak edən mama-ginekoloq, həmçinin, bütün briqada üzvləri doğan bütün qadınlara virus daşıyıcısı kimi yanaşmalı və ehtiyat tədbirləri görməli, o cümlədən N95 maskalarından istifadə etməlidirlər.

- Hamilə qadınların müntəzəm müayinələri necə keçirilir?

- Bizdən tez-tez soruşurlar: həkimə planlaşdırılmış ziyarəti təxirə salmaq mümkündürmü? Ağır keçən hamiləlik hallarında mütəmadi həkim nəzarəti zəruridir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 18-04-2020, 13:00