AzTV ittihamlara cavab verdi
“AzTV-nin nəyə görə MTRŞ tərəfindən məhkəməyə verilməsini isə heç olmasa həmin qurumun mətbuat xidmətinə zəng edib öyrənmək olardı”.
REPORTYOR.AZ xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi mediada yayılan məlumatlara münasibət bildirib.
“Biz AzTV olaraq növbəti dəfə bəzi saytları jurnalist etikası və jurnalist prinsiplərinə hörmətlə yanaşmağa, əgər özlərini media mənsubu sayırlarsa bu ada hörmət göstərməyə çağırırıq. İstənilən xəbərdə qarşı tərəfin də fikrinin soruşulması hər şeydən əvvəl peşə etikasına aid məsələdir. Özlərini ciddi sayt və ya ciddi jurnalist hesab edənlər informasiyanı hər hansı qeyri ciddi domendən götürüb, birtərəfli yazmaz.
Keçək digər məsələyə. Əvvəla, AzTV özü ilk gündən ciddi karantin qaydalarına hörmətlə yanaşır və özü bu məsələdə təbliğati işləri həyata keçirir. Konsert proqramının anonsuna diqqətlə baxan hər kəs səhnələrin əslində ayrı-ayrılıqda çəkildiyini öz gözləri ilə görə bilər. Sadəcə müəyyən kompüter effektləri ortaya mükəmməl nəticə qoymağa imkan verib. Tamaşaçılar yaxın günlərdə həmin konsert ptoqramını izləyə bilərlər.
O ki, qaldı kollektivlərə, onlar AzTV-nin musiqi kollektividir. Başqa sözlə, TV işçiləridir. Nazirlər Kabinetinin qərarında isə media işçilərinin fəaliyyətinə icazə verilib. AzTV-nin nəyə görə MTRŞ tərəfindən məhkəməyə verilməsini isə heç olmasa həmin qurumun mətbuat xidmətinə zəng edib öyrənmək olardı. Amma dediyimiz kimi, bu, ciddi jurnalistlərin və ciddi saytların işidir. Hər hansı məlumatdan şou düzəltmək isə sadəcə ayıbdır”, – deyə qurumdan bildirilib.
Xatırladaq ki, mətbuatda “AzTv”nin həmin görüntülərə görə cəzalandırıldığı məlumatı yayılıb.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 10-05-2020, 17:12