mobil versiya

“Baku Steel Company” Ramin Bayramlıya cavab verdi




Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahda Azərbaycanda koronavirusla mübarizə üzrə ənənəvi brifinq keçirilib. Pandemiyaya qarşı mübarizə ilə bağlı aparılan işlərə yekun vuran Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, yoluxma ən çox yerli qurumlarda aşkar olunur: “Bu, həmin müəssisələrin rəhbərləri və işçilərinin bu məsələyə ciddi yanaşmadıqlarını göstərir. “Bakı Tikiş Evi”ndə 64, “Baku Steel Company”də 48 yoluxma hadisəsi aşkarlanıb, hətta həbsxanalarda da infeksiya müşahidə edilib".

“Baku Steel Company” şirkətinin reaksiyası özünü çox da gözlətməyib.

REPORTYOR.AZ Virtualaz.org-a istinadən bildirir ki, Şirkətin mətbuat xidməti xüsusi bəyanat yayaraq, karantin rejiminə guya məsuliyyətsiz yanaşıldığı barədə R.Bayramlının ittihamını qətiyyətlə təkzib edib.

Bildirilib ki, Şirkət istehsalın, xüsusən də metallurgiya müəssisələrinin fəaliyyətini məhdudlaşdırmamaq barədə "Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə işlərin tənzimlənməsi haqqında" və "Koronavirus (COVID-19) yoluxmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli xüsusi qərarları əsasında istehsal prosesini davam etdirmək qərarına gəlib.

Eyni zamanda, müəssisə rəhbərliyi inzibati korpusun və istehsalat sektorunun işçilərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər görüb. Xüsusi rejimin yeni qaydalarına əsasən, “Baku Steel Company” ilk növbədə müəssisənin işçi heyətini əmək haqqını kəsmədən 30% -ə endirib. Hər gün müəssisənin bütün işçiləri tibbi briqada tərəfindən xüsusi müayinədən keçirilib: işçilərin temperaturu ölçülüb, paltarları dezinfeksiya edilib. Bundan əlavə, müəssisədə bütün işçilər xüsusi antiseptik vasitələrlə əllərini məcburi dezinfeksiya ediblər.

Şirkətin mətbuat xidməti cəmiyyətin diqqətini metallurgiya istehsalının xüsusiyyətlərinə yönəldib: “Çünki mövcud karantin qaydaları, koronavirusla mübarizə üçün xüsusi rejim tətbiq olunana qədər də metallurgiya zavodlarında işçilərin zəruri atributu idi. Pandemiyadan əvvəl və sonra da, metallurqlardan iş yerlərində kombinezonda, dəbilqə, gözlük, əlcək və FFP2 səviyyəli tənəffüs maskalarında olmaları tələb olunur. Qlobal standartlara görə, metallurgiya sexlərindəki bu elementar təhlükəsizlik qaydaları istehsal prosesində olan hər kəsə şamil olunur.

Karantin rejimi dövründə Şirkət rəhbərliyinin qərarı ilə zavodun ümumi yeməkxanası bağlanıb”.

Müəssisənin mətbuat xidməti TƏBİB-in və respublika ictimaiyyətinin nəzərinə çatdırır ki, COVID-19 ilə mübarizə üçün xüsusi antiseptik vasitələrdən istifadə edilməklə karantin rejimi boyunca, müəyyən edilmiş qaydalara əməl olunmaqla, bütün inzibati binalarda və istehsalat sahələrində geniş miqyaslı dezinfeksiya işləri aparılıb. Bundan əlavə, Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri peşəkar emal üçün həftədə iki dəfə Şirkətə dəvət olunublar.

“Baku Steel Company”nin mətbuat xidməti “TƏBİB” rəhbəri Ramin Bayramlının bəyanatını qəti surətdə təkzib edir və bildirir ki, Şirkətdə karantin rejiminin pozulmasına yol verilməyib: “Müəssisənin əməkdaşları içərisindən aşkar edilmiş virus daşıyıcıları isə xəstəliyə karantinin yumşaldılmış rejimi şəraitində– evdə, küçədə, qohumlarıgildə qonaq olarkən yoluxa bilərdilər”.
SON XƏBƏR / KARUSEL
Tarix: 16-05-2020, 12:20