Dövlət başçısı: "Bəzi məmurlar sahibkarların gəlirlərinə göz dikirlər"
“İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı ilk növbədə qeyri-neft sektorunun hesabına təmin ediləcək. Əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır”.
REPORTYOR.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.
“Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb, ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər: Hansısa layihəni icra etmək istəyəndə, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizələr aparılır və ölkələr öz təkliflərini irəli sürür ki, investorları cəlb etsinlər. Ona görə də ilk növbədə yerli sahibkarları inandırmalısınız ki, məhz sizin rayonlarınıza onlar gəlib sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cürə əziyyət verilir – buna yol vermək olmaz”, - deyə dövlət başçısı vurğulayıb.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 21-05-2020, 16:48