mobil versiya

Dəhşətli partlayışın baş verdiyi Livan haradır? - Tarixə qısa baxış




Dünən axşam saatlarında Livanın paytaxtı Beyrutdakı dəniz limanının əraisində güclü partlayış baş verib.
BAKU.WS xəbər verir ki, 2500 ton ammonium-nitrat maddəsinin olduğu anbarda baş verən partlayış nəticəsində limana yaxın ərazi xarabalığa çevrilib. Minlərlə ev və iş yeri yararsız hala düşüb.

Son məlumatlara əsasən, partlayış nəticəsində ölənlərin sayı 73-ə çatıb, yaralıların sayı isə 4700-dən çoxdur.

Beyrutda 2 həftəlik fövqəladə vəziyyət elan edilib. Fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Bu hadisə bir anda bütün diqqətləri Livana yönəldib. Hər kəs Livan və Beyrut haqqında məlumatlar öyrənməyə başlayıb. Bunu nəzərə alaraq mövzu ilə bağlı məlumatları təqdim edirik.



Bildirək ki, Livan Yaxın Şərqdə yerləşən dövlətdir. Paytaxtı Beyrut şəhəridir. Ölkə cənubdan İsrail, cənub-qərbdən Aralıq dənizi ilə, şərqdən İordaniya, şimaldan Suriya ilə həmsərhəddir.

Livan Respublikasının ərazisi 10.452 km²-dir. Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Bekaa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir. Asiya qitəsinin cənub-qərbində yerləşir. Qərb sərhədlərini Aralıq dənizinin suları yuyur. Livanı Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin "incisi" adlandırırlar.



Təbii şəraitinə görə ölkə ərazisini 4 təbii coğrafi rayona bölürlər: Sahil düzənliyi, Cəbəl Lübnan (Livan) dağ massivi, Bəqa çökəliyi, Cəbəl əş-Şərqi və Cəbəl əş-Şeyx (Antilivan) dağları. Sahil xəttinin uzunluğu 225 km-dir. Livan su ehtiyatları ilə zəngindir. Litani çayı quraqlıq cənub rayonları üçün əsas su mənbəyidir.

2011-ci ilin iyul ayına olan məlumatlara görə, 4 143 101 nəfərdir. Ölkə əhalisinin 95%-i ərəblərdir. Etnik qruplar arasında ermənilər üstünlük təşkil edirlər. Onların sayı 150 min nəfərə yaxındır. Ölkənin rəsmi dili ərəb dilidir. Erməni və fransız dillərindən də istifadə olunur. Əhalinin təxminən 59,7%-i müsəlman, 39%-i xristiandır. 1,4% əhali digər dinlərə mənsubdur. Şəhər əhalisi 87%-dir.



Ölkənin iqtisadiyyatının sənaye və kənd təsərrüfatı sektorları inkişaf etməmiş, lakin ticarət, turizm və bank sahələrində Livan yüksək nailiyyətlər əldə edib. İqtisadiyyatın əksər sahələrində xarici kapital geniş yer tutur. Milli gəlirin təxminən 15%-i sənayenin payına düşür. İstehsalın böyük bir hissəsini ənənəvi sahələrdən olan tekstil, yeyinti, tikinti materialları və neft emalı sahələri təşkil edir. Ölkənin milli gəlirinin 10%-i kənd təsərrüfatına aiddir. Əsas ərzaq məhsulları xaricdən idxal edilir.



Beyrut Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portudur. Şəhər eyni zamanda Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir.
Əhalisi təxminən 2 milyon nəfərə yaxındır.



Beyrut eramızdan əvvəl Berut, Berit adı ilə tanınıb. VII əsrdə Xilafətə daxil edilib. XIV-XV əsrlərdə Misir məmlüklərinin, 1516-1918-cı illərdə Osmanlı İmperiyasının tərkibində, 1920-43-cü illərdə Fransa işğalı altında olub. 1943-cü ildən etibarən Livan Respublikasının paytaxtıdır.

SON XƏBƏR / GÜNDƏM
Tarix: 5-08-2020, 12:20