mobil versiya

Mərakeş İrsi Günləri Bakıya Gəlir - Mərakeşin Yaşayan İrsini, Mədəniyyətini və Yaradıcılığını qeyd edən beş gün






Mərakeş Krallığının Azərbaycandakı  Səfirliyi "Joussour des Arts et de la Créativité" Mərakeş Assosiasiyası tərəfdaşlığı ilə 10-14 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda Mərakeş İrsi Günlərinə ev sahibliyi edərək Mərakeşin rənglərini, səslərini, dadlarını və sənətkarlığını Bakının mərkəzinə gətirir.

Beş gün ərzində Azərbaycan tamaşaçıları dəb, fotoqrafiya, musiqi, qastronomiya, ənənəvi sənətkarlıq və turizm vasitəsilə Mərakeş irsinin müxtəlifliyini kəşf etməyə dəvət olunacaqlar.


Krallığın mədəni irsinin ən rəmzi təcəssümlərindən biri olan Mərakeş kaftanına xüsusi yer veriləcək. 2025-ci ildə YUNESKO bu yaşayan irslə bağlı ənənəvi bilikləri, sənətkarlığı və bacarıqları tanıyaraq "Mərakeş kaftanı: Sənət, ənənələr və bacarıqlar"ı Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Nümayəndəlik Siyahısına daxil etmişdir.
Geyim olmaqdan çox daha artıq olan Mərakeş kaftanı, əsrlər boyu inkişaf etdirilən, zənginləşdirilən və təkmilləşdirilən, nəsildən-nəslə ötürülən və Mərakeş sənətkarları və dizaynerləri tərəfindən daim yenilənən mədəni irsdir. Onun parçaları, tikmələri, sfifası, düymələri və bəzək texnikası Mərakeşin mədəni ənənələrinin fövqəladə müxtəlifliyini əks etdirir. YUNESKO tərəfindən daxil edilməsi bu əsrlik irsin və bu gün də onu yaşadan bilik və bacarıqların mühüm beynəlxalq etirafını təcəssüm etdirir.



Kaftanla yanaşı, sərgidə Mərakeşin cənub vilayətlərinin qadınlarına xas olan ənənəvi geyim – Mlehfa da təqdim olunacaqdır. Mərakeş Səhrasının mədəni irsinə söykənən Mlehfa, axıcı formaları, canlı rəngləri, zərif sadəliyi və ənənəvi toxuculuq sənətkarlığı ilə seçilən özünəməxsus gözəlliyi əks etdirir.




Mərakeşin mədəni irsinin qorunması, təbliği və ötürülməsinə olan bu davamlı sadiqlik, Krallığın mədəni irsinin qorunmasını və dəyərləndirilməsini Mərakeşin mədəni inkişafının mərkəzinə qoyan Əlahəzrət Kral VI Məhəmmədin rəhbərliyi altında irəli sürülən daha geniş mədəni baxışın bir hissəsidir.

Musiqi, fotoqrafiya, sənətkarlıq və qastronomiya bu təcrübəni tamamlayacaq, ziyarətçilərə imperiya və tarixi şəhərlərindən Atlantik sahili və Səhraya qədər əsrlik ənənələrin müasir yaradıcılıqla yanaşı mövcud olduğu Mərakeşə nəzər salmaq imkanı verəcəkdir.



Mərakeş İrsi Günləri mədəniyyət təqdimatından daha artıq bir şeydir. Bunlar Mərakeşi kəşf etmək və irsə, ənənəyə dərin ehtiram bəsləyən iki ölkə arasında insani və mədəni əlaqələri gücləndirmək üçün bir dəvətdir.
Mərakeş və Azərbaycan 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri yaxın və ardıcıl olaraq genişlənən münasibətlər inkişaf etdirmişlər. 2024-cü ilin avqustunda Mərakeş-Azərbaycan vizasız rejim haqqında sazişin qüvvəyə minməsi turizm, mədəni mübadilələr və insanlararası təmaslar üçün yeni imkanlar açmışdır.
Mərakeş Krallığının Səfirliyi "Joussour des Arts et de la Créativité" Assosiasiyasına, onun tərəfdaşlarına və sponsorlarına, habelə Mərakeş irsini Bakıya gətirməyə kömək edən Azərbaycan hakimiyyət orqanlarına dərin minnətdarlığını bildirir.



Mərakeş Mədəni İrs Həftəsinin açılışı 11 sentyabr 2026-cı il tarixində, saat 17.00-da İçəri Şəhərdə (Böyük Qala sahəsi) baş tutacaq.


Reportyor.az 



BANNER / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 17:23