Əli Kərimlinin trolları bu dəfə Elçibəyin kürəkənini hədəfə alıb
Aqil Səmədbəylinin ünvanına təhqir yağdırıldı
Eks-prezident Əbülfəz Elçibəyin kürəkəni, Bütöv Azərbaycan Birliyi İdarə Heyətinin sədri Aqil Səmədbəylinin Milli Şuranın 8 oktyabra təyin etdiyi piketlə bağlı iki cümləlik yazısı ona qarşı hücumlara səbəb olub.
Aqil Səmədbəyli yazıb: “AXCP sədri Bakı Şəhər İcra Hakimiyyəti qarşısında 8 oktyabra mitinq təyin edib. Mən də elə bilirdim Qarabağ qazilərinə dəstək və Rövnəqə istefa mitinqidir”.
Onun bu yazısına Milli Şura və AXCP tərəfdarları sərt reaksiya veriblər. Aqil Səmədbəylini Türkiyədə oturub heç bir fəaliyyət göstəməməkdə suçlayıblar. Məsələn, İradə Cəfərova adlı sosial şəbəkə iştirakçısı facebook-da yazıb ki, Elçibəyin kürəkəni oturub Türkiyədə, AXCP-nin, Milli Şuranın keçirdiyi hər şeyə lağ edir: “Özü illərdir Türkiyədədir, bir dəfə olsun, nə Qarabaq haqqında, nə də bu hakimiyyətin idarəçiliyi haqqında çıxışlar edib, aksiyalar keçirməyib. İndi keçiriləsi aksiyaya tənə vurur. Ayıbdır vallah”.
İmran Qurbanlı adlı başqa bir Milli Şura müdafiəçisi isə yazıb ki, Aqil illərdir Türkiyədə yeməli yer axtarır: “Bir iş görmür. Sadəcə, bəzi toplantılara çağırırlar. O da Elçibəyin kürəkəni olduğuna görə. MHP-də ülküçülərə aid bir iş veriblər. Pullu və ya pulsuzdur bilmirəm. Tanıdığım üçün marağında olmadım”.
A.Səmədbəylinin ünvanına təhqiramiz fikirlər də yazanlar olub.
Aqil Səmədbəyli isə özünün facebook səhifəsində bu ittiham və təhqirlərə elə həmin yazıları kopyalayıb paylaşmaqla cavab verib. Həmin yazıların sonunda isə özünün fikirlərini qeyd edib: “AXCP sədrinin facebook ordusunun kiçicik bir ironik yazıma münasibəti. O hesabla iqtidarın facebook ordusu məni çoxdan güllələməliymiş...
Bu yazılanları məni tanıyanların vicdanına həvalə edirəm".
Aqil Səmədbəylinin Türkiyədə nə işlə məşğul olmasına gəlincə, bu barədə “Yeni Müsavat”ın müxbiri onun özünə sual ünvanlayıb. Lakin Aqil bəy cavab verməyib.
Qeyd edək ki, Aqil Səmədbəyli 2012-ci ildən ailəsi ilə birlikdə Türkiyədə yaşayır. Vaxtaşırı Azərbaycana gəlib-getsə də daimi yaşayış və iş yeri qardaş ölkədədir. Bir müddət əvvəl onun Türkiyədə ali məktəblərin birində işlədiyi barədə məlumatlar yayılmışdı.
//musavat.com
KARUSEL / GÜNDƏM / SİYASƏT / ÖLKƏ
Tarix: 3-10-2019, 14:22