Təhsil Nazirliyi Saatlıda 21 şagirdin məktəbdən uzaqlaşdırılması məsələsi ilə bağlı açıqlama yayıb
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında zəif nəticə göstərmiş Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdinin məktəbdən uzaqlaşdırılmaları ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
REPORTYOR.AZ-ın məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Təhsil Qanununun 19-cu Maddəsinin 14-cü bəndinə əsasən ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur.
"Tam orta təhsil əldə etmək üçün valideyn və ya şagirdin istəyi nəzərə alınır. Şagirdin tam orta təhsil alması üçün əvvəl ümumi orta təhsil aldığı məktəbin adi sinfində (valideyn ərizəsi əsasında birbaşa elektron qaydada), buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerdəyişmə yolu ilə təhsilini davam etdirmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırılmır.
Əlavə olaraq onu da qeyd edək ki, tam orta təhsil pilləsinə qəbul valideynlərin ərizələri əsasında cari ilin avqust ayında start götürəcəkdir.
Son olaraq bildiririk ki, hal-hazırkı vəziyyətdə adı qeyd olunan məktəbin 9-cu sinif şagirdlərindən bir nəfər də olsun xaric edilməyib və yayılan məlumatlar yalan və əsassızdır" - deyə qeyd olunub.
KARUSEL
Tarix: 18-05-2022, 10:00