mobil versiya

Ermənilər eko-fəalların Laçın yolunda aksiyası barədə dezinformasiya yayır



Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa – Laçın yolunda aksiyanı davam etdirir.
Aksiya iştirakçılar ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Ermənistan və ermənipərəst dairələr feyk məlumatlar yayır ki, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb.
Halbuki, burada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət getmir, yoldan təcili yardım maşınları, mülki şəxslər sərbəst keçə bilər.
Yolu məhz Rusiya sülhməramlıları bağlayıblar.
Burada toplaşan Azərbaycanın vətəndaş cəmiyyəti, ictimaiyyət nümayəndələrinin tələbləri, istəkləri aydın, tamamilə qeyri-siyasi mahiyyətlidir.
Azərbaycan ictimaiyyəti bu yoldan və ümumiyyətlə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yerlərdən məhz qanunsuz yükdaşımalara, hələ də ərazidən qovulmamış Ermənistan ordusunun tör-töküntülərinə, qanunsuz silahlı dəstələrinə, onlarla əlbir şəkildə Azərbaycanın təbii sərvətlərini talayanlara, qanunsuz istismarla məşğul olanlara qarşıdır.
 
Azərbaycan dövləti və ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı, suveren ərazisində baş verən özbaşınalıqlara göz yummayacaq.
Üzərilərinə düşən öhdəliyi pozanlar və təbii reaksiyadan şou yaradanlar məhz ifşa olunduqları üçün müxtəlif feyk məlumatlar yaymaqla məsuliyyətdən yayınacaqlarını, mövzunu dəyişdirə biləcəklərini düşünürlər.
Bu cəhdlərin hamısı əbəsdir.
Azərbaycan ictimaiyyəti qəti mövqeyini ifadə edib.
Azərbaycanın dövlət qurumlarının monitorinq qrupunun ərazidə işləməsinə tam şərait yaradılmalıdır.


KARUSEL / GÜNDƏM
Tarix: 13-12-2022, 09:23