mobil versiya

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 14 il ötür




Bu gün Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 14 il ötür.
AZƏRTAC xəbər verir ki, 2008-ci il dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) açılış ilə Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz yaradıldı.
Mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər keçiriləcəkdir, gözəl konsertlər, muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir”.
Ölkə başçısının dediyi kimi, ötən müddət ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr reallaşdırılıb, saysız-hesabsız konsertlər keçirilib, korifey sənətkarlarımızın yubileyləri təşkil olunub.
Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından Mərkəzin müstəsna əhəmiyyəti olduğunu söyləyən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov görülən işlərdən, reallaşdırılan layihələrdən danışıb: “Sevindirici haldır ki, bu gün artıq BMM-in solistləri statusumuza uyğun olaraq musiqimizi dünyanın mötəbər salonlarında, konsert məkanlarında, müxtəlif beynəlxalq festival və layihələrdə təbliğ edirlər. Bu il Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında iştirak etdi. Uğurlu çıxışlarımızdan sonra Özbəkistanla əlaqələrimizdə yeni bir dövr başlayıb. Beynəlxalq Muğam Mərkəzinin təmsilçilərinin həddən artıq turist və qonağın iştirak etdiyi festivalın açılış mərasimindəki 40 dəqiqəlik xüsusi proqramla çıxışı böyük maraqla qarşılanıb. Həmçinin Xalq artistləri Mənsum İbrahimov rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu Özbəkistan Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı ilə çıxış edib. Eyni zamanda, Mərakeşin Fəs şəhərində oktyabrın 22-dən 29-dək 15-ci Sufi Mədəniyyəti Festivalında da BMM böyük uğurla çıxış edib. Beynəlxalq əlaqələrimiz günü gündən genişlənir. Bu gün artıq dünyanın bir çox mötəbər konsert birlikləri ilə Beynəlxalq Muğam Mərkəzinin qarşılıqlı əməkdaşlıq memorandumu var. Səfirliklərlə əlaqələrimiz ikitərəfli mədəni layihələrin təbliğinə töhfəsini verməkdədir. BMM-in qapıları muğam həvəskarlarının, musiqisevərlərin, tədqiqatçıların üzünə hər zaman açıqdır. Bəzən gündə 2-3 tədbir reallaşdırırıq. Elmi- tədqiqat, kitab nəşrlərimizin təqdimatlarını da xüsusi qeyd etmək istərdim”.
Xalq artisti Murad Hüseynov xüsusi olaraq vurğulayıb ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Onun sözlərinə görə, “BMM-in böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində silsilə konsertlər təşkil olunub. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla izlənilir.
Yeni ildən yeni layihələrlə muğamsevərləri sevindirəcəklərini söyləyən mərkəzin direktoru bildirib ki, Beynəlxalq Muğam Mərkəzi milli musiqimizin, muğam fəlsəfəsinin təbliğinə, araşdırılmasına və inkişaf prosesinə yönəldilmiş kreativ layihələrlə bərabər, elmi-kütləvi, sənədli filmlərin istehsalını da planlaşdırır. Ötən ildən BMM-in rəhbərliyinin təşəbbüsü ilə mərkəzin foyesini bəzəyən büstlərin –mənəvi sərvətlərimizin hər biri haqqında sənədli filmin çəkilişlərinə start verilib.
Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır.
Azərbaycan muğamlarının təbliği istiqamətində yorulmadan fəaliyyət göstərən Xalq artisti Mənsum İbrahimov da BMM-in yaranması və ötən dövr ərzində görülən işləri yüksək qiymətləndirib: “Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl bölgələrə gedib seçim turları keçiririk. Bu tədbirlərin ən yaddaqalanları Beynəlxalq Muğam Mərkəzində təşkil edilir. Bu mərkəzdə gözəl tədbirlər, gözəl yubileylər, gözəl konsertlər və müsabiqələr keçiririk. Burada əsl muğam ab-havası var. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq”.
Beynəlxalq Muğam Mərkəzinin ötən dövr ərzində əsl musiqi beşiyinə çevrildiyini söyləyən Xalq artisti Teyyub Aslan deyib ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda, Ağdamda Ağcabədidə və Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə bu sənətin inkişafına mühüm töhfələr verib. Bu mərkəzlərdə çıxış edən gənc ifaçılar bizim milli irsimizi, muğam sənətimizi nəyinki ölkəmizdə yaşadır, həm də dünyada layiqincə təbliğ edirlər. Sevindirici haldır ki, biz tez-tez Beynəlxalq Muğam Mərkəzində korifey sənətkarlarımızın yubileylərini keçirir, gənc ifaçıların konsertlərini dinləyirik. Bizə qürur verən bu işlər muğam irsimizin əbədiyaşarlığını bir daha təsdiqləyir.
Bütün deyilənlər təsdiqləyir ki, Beynəlxalq Muğam Mərkəzi istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə, inkişafına öz töhfəsini verməkdədir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-12-2022, 13:04