mobil versiya

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təsdiqi məsələsinə sabah baxılacaq



Artıq xeyli vaxtdır ki, Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində iş davam etdirilir. Yanvarın 25-də İcmanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, İcmanın strukturlarında təmsil olunan ziyalılar, mütəxəssislər iştirak ediblər.

İcmanın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlərin, fərdi və qrup halında mütəxəssislərlə görüşlərin keçirildiyini, müzakirələr zamanı yüzlərlə təklifin irəli sürüldüyünü, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş elektron poçta çoxlu sayda təkliflərin daxil olduğunu, bütün bu təkliflərin İşçi Qrupunda sistemləşdirildiyini, təhlil edilib ümumiləşdirildiyini və sənədin layihəsinin hazırlandığını bildirib.
İclas iştirakçılarına təqdim olunan layihə ətrafında geniş fikir mübadiləsi aparılmış, layihə qəbul edilmiş və prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi qərara alınıb.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Konsepsiya layihəsinin hazırlanmasında və qəbulunda iştirak edən hər kəsə İcma rəhbərliyi adından dərin təşəkkürünü ifadə edib.
Müşahidə Şurası yanvarın 26-da keçiriləcək iclasında Qayıdış Konsepsiyasının təsdiqi məsələsinə baxacaq.

KARUSEL / SİYASƏT
Tarix: 25-01-2023, 16:36