Evdar qadınların sosial müdafiəsi və yuvenal ədliyyə ilə bağlı təkliflər təqdim edilib - FOTO
Evdar qadınların sosial müdafiəsi və yuvenal ədliyyə ilə bağlı təkliflər təqdim edilib.
Azərbaycanda evdar qadınların sosial müdafiəsi ilə əlaqədar siyasətə yenidən baxılmasına və mütərəqqi xarici təcrübənin tətbiqinə ciddi ehtiyac var.“Azərbaycanda evdar qadınların sosial müdafiəsi ilə əlaqədar siyasətə yenidən baxılmasına və mütərəqqi xarici təcrübənin tətbiqinə ciddi ehtiyac var. Bu gün ömrünün nəhsuldar dövrünü evadar qadın kimi keçiən, cəmiyyət üçün övladlar böyüdən qadınlar boşandıqda, yaxud fors-major hallar ilə üzləşdikdə sosial cəhətdən tamamilə müdafiəsiz vəziyyətdə qalırlar. Bir qayda olaraq ailənin mənzili, evi evlilik rəsmiləşənə qədər əldə edilir, yaxud kişinin valideynlərinin sərəncamında olur. Qadın əmlaka iddia edə bilmir, uzun illər evdar qadın kimi fəaliyyəti isə onun əlverişli iş tapmasını çətinləşdirir, pensiyaya çıxdıqda isə yaşa görə yalnız pensiyaya ümid edə bilir. Nikah müqaviləsi bağlanması halları isə çox azdır. Hökumət bu real problemləri nəzərdən keçirməli və çıxış yolları tapmalıdır”.
Bu fikirlər və qeyd edilən problemlərin həlli ilə əlaqədar tövsiyyələr QHT təmsilçiləri, müstəqil ekspertlər, dövlət orqanları nümayəndələrinin iştirakı ilə keçirilən “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa müzakirələrində səsləndirilib.
27 yanvar 2023-cü il tarixdə keçirilən tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB İcraçı direktoru Əliməmməd Nuriyev təşkilatın və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İB-in Avropa İttifaqı və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) dəstəyi ilə icra etdiyi “Azərbaycanda uşaqların və həssas qadınların insanhüquqlarının monitorinqi və müdafiəsi” layihəsi barədə məlumat verib.
Layihə əlaqələndiricisi Zaur İbrahimli görülmüş işlərdən söz açıb. Layihə çərçivəsində qadınlara göstərilmiş hüquqi yardım barədə məlumat verib.
“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi İB İcraçı direktoru İlyas Səfərli “Şəkidə boşanmış qadınların üzləşdikləri çətinliklər” mövzusunda aparılmış mikrotədqiqatın nəticələrini təqdim edib.
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İB İdarə Heyəti üzvü Rəna Səfərəliyeva “Azərbaycanda evdar qadınların sosial müdafiəsi problemləri və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda mövqe sənədini təqdim edib.
“Azərbaycanda uşaqların və həssas qadınların insan hüquqlarının monitorinqi və müdafiəsi” layihəsi” çərçivəsində daha bir dəyirmi masa müzakirələri 31 yanvar 2023-cü il tarixdə keçirilib. QHT təmsilçiləri, müstəqil ekspertlər, dövlət orqanları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Z.İbrahimov “Balakən rayonunda uşaqların üzləşdikləri zorakılıq halları” adlı mikrotədqiqatın nəticələrini təqdim edib. Tədqiqat layihənin dəstəyi ilə yerli ictimai fəallar tərəfindən aparılıb.
“Hüquqi Təhlil və Araşdırmalar” İB sədri Ramil İsgəndərli isə layihə çərçivəsində hazırlanmış “Uşaqlar üçün həssas ədliyyə yanaşması tətbiqinin inkişaf perspektivləri” adlı mövqe sənədini təqdim edib. Sənəddə yuvenal ədliyyə ilə bağlı Qərb ölkələrinin, Avropanın təcrübəsi ümumuləşmiş şəkildə analiz edilib və milli praktika ilə müqayisə edilib. Bu sahədə Azərbaycan üçün aktual olan məsələlər vurğulanıb və tövsiyyələr verilib.
Müzakirələrdə Ədliyyə Nazirliyi, ƏƏSMN, Ombudsman aparatının, Sosial Tədqiqatlar Mərkəzinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri öz rəylərini bildiriblər və gələcək planlarla bağlı fikirlərini açıqlayıblar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-02-2023, 16:02