mobil versiya

Formula 1-də “B” sektorunun biletlərinin hamısı satılıb



2023 Formula 1 Azərbaycan Qran Prisi üçün Abşeron tribunasının “B” sektorunun biletləri tamamilə satılıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Qeyd edilib ki, bu, Filarmoniya tribunasından sonra biletlərin hamısının satıldığı sayca ikinci tribunadır.
Bildirilib ki, paytaxtda 28-30 aprel tarixlərində yeddinci dəfə keçiriləcək Formula 1 yarışı həm yerli, həm də xarici vətəndaşların marağını cəlb edir.
BŞH-nin Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraq ilə əlaqələndirib.
“Bu il yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edirik. Yarışı izləmək istəyən xarici azarkeşlərin sayında ən yüksək artım da bu ilə təsadüf edir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı ilk dəfə Sprint yarışına ev sahibliyi etməyimizin də rolu var. Əminik ki, Bakı bu il də ənənəyə sadiq qalaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək. Bütün azarkeşləri hələ də fürsət varkən ilin ən baxımlı yarışına bilet əldə etməyə çağırıram ”, - deyə o qeyd edib.(Trend)

KARUSEL / İDMAN
Tarix: 17-02-2023, 12:43