Milli Kitabxana “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi hazırlayıb
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadınlar Gününün qeyd edilməsi qərarı alman siyasətçisi, hüquq müdafiəçisi, jurnalist Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagendə keçirilən iclasda qəbul olunub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və ölkənin inkişafına hər sahədə böyük töhfələr verirlər.(AZƏRTAC)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-03-2023, 15:49