mobil versiya

BMT və Azərbaycan hökumətinin nümayəndələri Füzuliyə səfərə gəlib



Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan hökumətinin nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.
Əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonaqlara Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verib. Bildirilib ki, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır.
Qonaqlara Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının fəaliyyəti barədə və burada görülən bütün işlərin beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirildiyi barədə də məlumat verilib.
Nümayəndə heyəti, eyn zamanda, Füzuli şəhərində işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılıb. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə yanaşı, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib. Qonaqlar, 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlərin şahidi olublar. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. İşğal zamanı ermənilər məscidlərdən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Həmçinin qəbiristanlıqlar erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.
Bundan başqa, qonaqlara Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi və hazırda dövlətimiz tərəfindən bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Füzuli səfəri zamanı qonaqlar dövlətimiz tərəfindən azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Füzuli şəhərinin bərpası istiqamətində görülən işlər barədə də məlumatlandırılıb.
Füzuli səfərindən sonra qonaqlar Ağdamda keçiriləcək konfransa yollanıblar.(AZƏRTAC)



KARUSEL / SİYASƏT
Tarix: 16-03-2023, 10:08