mobil versiya

Bu gün Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri başlayır



Bu  gün Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirinə start veriləcək.
14 ölkədən 119 gimnastın iştirak edəcəyi budəfəki yarışda gənc bədii gimnastlara, böyük yaşlı idmançılar da qoşulacaqlar.
Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.
Yarışda böyük yaşlı fərdi gimnastlar arasında təcrübəli idmançımız - Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, 34-cü beynəlxalq Qran-pri yarışının qalibi və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı Zöhrə Ağamirova, V İslam Həmrəyliyi Oyunlarının qalibi Alina Gözəlova, eləcə də bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları olan gənc gimnastlarımız mübarizəyə qoşulacaqlar.
Böyüklər arasında qrup hərəkərtləri proqramında isə dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatının üçqat bürünc medalçısı, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığmamızın üzvləri xalça üzərinə çıxacaqlar.
Bununla yanaşı, gənclər arasında ölkəmizi qrup hərəkətləri üzrə iki komanda təmsil edəcək.
Azərbaycan ilk dəfə 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında “AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
KARUSEL / İDMAN
Tarix: 14-04-2023, 09:31