mobil versiya

Milli Muğam Müsabiqəsi başlayıb


Aprelin 24-də Azərbaycan Milli Konservatoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artisti Qəzənfər Abbasovdur.
Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Qeyd edək ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 24-04-2023, 11:01