Sabunçuda narkotik dövriyyəsinə görə 91 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aprel-may ayları ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 91 nəfər saxlanılıb.
Araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üstündən, yaşadıqları evlərdən 8 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində idarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 43 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Üstündə qanunsuz olaraq odlu silah saxlayan, əvvəllər məhkum olmuş Maştağa qəsəbəsi sakini Rafiq Bağırov isə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı saxlanılıb. Onun üstündən 1 ədəd “Valter” markalı tapança, 2 ədəd patron və patron darağı aşkar olunub. Rafiq Bağırov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 15-05-2023, 13:03