“Günay Bank” ASC-nin lisenziyası ləğv edilib
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2023-cü il 16 may tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası mayın 17-dən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Mərkəzi Bankdan bildirilib ki, AMB-nin İdarə Heyətinin Qərarı ilə “Günay Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub, “Günay Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6 faiz, kredit portfelində 1 faiz, sektorun öhdəliklərində isə cəmi 0,5 faiz təşkil edir. “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. “Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir.
Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9 faizinin əmanətləri kompensasiya olunacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-05-2023, 13:05