İtkin düşmüş şəxslərin ailə üzvlərindən 10 min 805 bioloji nümunə toplanıb
2008-ci ilin aprel ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında “Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişi imzalanıb. Sazişin məqsədi itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Saziş imzalandıqdan sonra BQXK-nın köməkliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən itkinlərə aid 3600-ə yaxın sorğu anketi toplanılaraq Komissiyaya təhvil verilib.
Bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda deyib.
“2011-ci ildən etibarən toplanmış məlumatların elektron məlumat bazasına daxil edilməsi işi aparılıb. Bu işdə BQXK-nın mütəxəssisləri yaxından iştirak ediblər. Bununla yanaşı, itkin düşmüş şəxslərlə bağlı hər iki qurumda mövcud olan siyahıların dəqiqləşdirilməsi və meyit qalıqlarının eyniləşdirilməsi üçün itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin götürülməsi işləri birlikdə icra edilib. Yuxarıda qeyd etdiyim çərçivə sazişinə uyğun olaraq I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlanıb. Koronovirus pandemiyası ilə bağlı bu işdə fasilə yaransa da, Dövlət Komissiyasının sədri Əli Nağıyevin tapşırığı ilə 2021-ci ilin ortalarından etibarən DNT nümunələrin toplanması işi davam etdirilib və ötən ilin sonunda BQXK ilə birgə icra olunan bu layihə başa çatıb. Proses zamani ümumilikdə 3492 itkinin ailə üzvlərindən 10805 bioloji nümunə toplanaraq aidiyyəti üzrə təhvil verilib. Götürülmüş bioloji nümunələrin hamısından ötən il ərzində DNT profilləri çıxarılaraq arxivləşdirilib. Müəyyən səbəblərdən layihədən kənar qalan ailələr üzrə bioloji nümunələrin götürülməsi işi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərə aid meyit qalıqlarının molekulyar – genetik analizlərini həyata keçirən müvafiq qurum tərəfindən davam etdirilir”, – deyə Dövlət Komissiyasının katibi qeyd edib.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir təşkil edilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-05-2023, 13:03