Azərbaycan və Ermənistan arasında dinc dialoqu və danışıqları dəstəkləyirik - İrakli Qaribaşvili
Biz Azərbaycan və Ermənistan arasında dinc dialoqu və danışıqları dəstəkləyirik.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Avropa siyasi birliyi”nin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Prinsipcə, Gürcüstan 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında çox mühüm və faktiki olaraq ilk uğurlu vasitəçiliyini həyata keçirib. Gürcüstan Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyir - bu, bütün regionun maraqlarına cavab verir", - deyə o əlavə edib.
Qeyd edək ki, Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələri müzakirələr zamanı bərabər səslə təmin edən nadir və misilsiz platforma olan “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir.
Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.
KARUSEL / GÜNDƏM
Tarix: 1-06-2023, 17:22