Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşıladı.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin olduğu qeyd edildi.
Prezident İlham Əliyev keçən ilin oktyabrında Gürcüstana səfərini məmnunluqla xatırladı və səfər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinin bu səfəri zamanı aparılacaq müzakirələrin önəmini vurğuladı. Azərbaycan Prezidenti bu səfərlər çərçivəsində görüşlərin məhz regionlarda keçirilməsinin çox önəmli və vacib bir ənənə olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulandı. Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd olundu. Həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulandı. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi qeyd olundu.
Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı və bu istiqamətdə əlavə tədbirlərin görüldüyü bildirildi, Azərbaycanın SOCAR şirkətinin Gürcüstanda uğurlu fəaliyyəti xüsusi vurğulandı.
Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edildi.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Gürcüstanın Baş naziri bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğuladı, Ümummilli Liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən də böyük hörmət və ehtiramla anıldığını bildirərək, Ulu Öndərin Gürcüstanın və gürcü xalqının böyük dostu olduğunu qeyd etdi.
KARUSEL / SİYASƏT
Tarix: 7-04-2023, 14:08