Narkotikin təsiri altında avtomobil idarə edənlərin cəzası sərtləşir
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. Hazırda isə bu cərimələr müvafiq olaraq 150-250 manat məbləğində tətbiq edilir.
Digər dəyişikliyə əsasən, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.
Həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə yeni cərimələr müəyyənləşir.
Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma cəzası nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 6-06-2023, 16:14