mobil versiya

Sosial şəbəkələrdə kredit verəcəyi və Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb



Daxili İşlər Nazirliyinə (DİN) naməlum şəxsin instaqram sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub. Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Onlarla bağlı keçirilən tədbirlərlə müəyyənləşdirilib ki, Rüfət Mustafayev son bir neçə ay ərzində instaqram sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib.
Araşdırma zamanı Rüfət Mustafayevin bəzi faktlar üzrə zərərçəkənlərin bank kartlarındakı məlumatları ələ keçirməklə hesablarda olan pul vəsaitlərini oğurladığı da müəyyənləşdirilib.
Aşkarlanan faktlarla bağlı araşdırmalar davam etdirilir. Rüfət Mustafayevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-ə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
DİN bir daha vətəndaşları sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, əmin olmadıqları səhifələrə əvvəlcədən ödəniş etməməyə çağırır.

KARUSEL / HADİSƏ
Tarix: 8-06-2023, 14:07