Xarici diplomatlar Şuşaya gedib
“Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2023” adlı beynəlxalq təlimin iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.
Trend-in məlumatına görə, səfər zamanı xarici iştirakçılar işğaldan azad edilmiş ərazilərdə 30 ilə yaxın işğal dövrünün dağıdıcı nəticələri və Azərbaycanın zəngin mədəni-tarixi irsinə vurulmuş ziyanla tanış olublar. Gövhərağa məscidini və güllələnmiş heykəlləri ziyarət edən qonaqlar daha sonra Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Xurşidbanu Natəvanın evi və Qala divarlarını ziyarət edən əcnəbi diplomatlara Şuşa şəhərinin tarixi, regiondakı ictimai-siyasi əhəmiyyəti və qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, tarix boyu alınmazlıq simvolu olan qala işğal dövründə dağıntılara məruz qalıb və Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sonda Cıdır düzündə olan xarici qonaqlar aparılan geniş-miqyaslı yenidənqurma və bərpa işlərinin, o cümlədən 30 il ərzində dağıdılmış şəhərin yenidən qurulmasının əhəmiyyətini vurğulayıblar.
22 ölkədən xarici diplomatların iştirakı ilə iki həftə davam edən proqramda Xarici İşlər Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş Fondu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Azərbaycan Turizm Bürosu kimi qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələr təşkil olunur.
KARUSEL / SİYASƏT
Tarix: 19-06-2023, 13:23