mobil versiya

Özbəkistanın Baş naziri Əli Əsədovu ölkəsinə rəsmi səfərə dəvət edib



İyulun 18-19-da ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripov səfərinin nəticələri ilə bağlı Azərbaycanın Baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda qeyd edilir ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.
Prezident İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostluğun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olunduğu vurğulanıb.
Bildirilib ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş tədbirlər, gündəlikdə duran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcək.
Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Səfər çərçivəsində Füzuli şəhərində aparılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın Baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcəyini bildirib.
A.Aripov, həmçinin Azərbaycanın Baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.

KARUSEL / SİYASƏT
Tarix: 27-07-2023, 10:49