16 nəfəri gün vurub - Sumqayıtda
Yayın ən isti günlərini yaşayırıq. Azərbaycanda havanın temperaturu 42 dərəcəyə çatır. Havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına gətirib çıxarır. Günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir.
Bu cür hallara ən çox uşaqlar, artıq çəkili insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.
Sumqayıt şəhərində iyul ayı ərzində 16 nəfər günvurma və istivurma ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
Verilən məlumata görə, 15 nəfər Sumqayıt ərazisindən, 1 nəfər isə Novxanı kəndi ərazisindən müraciət daxil olub. Onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.
Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub.
Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib.
Həkimlər şəhər əhalisinə məsləhət görülür ki, günəş şüasının intensiv vaxtlarında yəni 14:00-dan 16:00-dək gün altına çıxmasınlar, yüngül geyimlərdən istifadə etsinlər, bol meyvə tərəvəzlər, sərin şirələr və maye qəbul etsinlər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-08-2023, 15:41