“Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun müddətdir gözlənilən təqdimatı keçirilib.
Dünyanı fəth edən baletin nümayişi ilə həm də 18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.
Gecəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov açıblar.
F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını vurğulayaraq bildirib: “1962-ci ildə Bakıda ilk dəfə “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulanda mənim 16 yaşım var idi. O zaman bütün məşqlərdə iştirak etmişdim. Bu balet böyük uğur qazandı və demək olar bütün ölkələrdə nümayiş olundu. Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə çox minnətdaram ki, illər sonra bu tamaşa yenidən Bakıda nümayiş olundu”.
Sonra tamaşaçılara “Məhəbbət əfsanəsi” baleti təqdim edilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-09-2023, 11:39