mobil versiya

Qarabağdakı qadın, uşaq və qocalara lazımi yardımlar göstəriləcək -MN



Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Xatırladaq ki, sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

KARUSEL / GÜNDƏM
Tarix: 19-09-2023, 14:42