mobil versiya

İran Azərbaycan və Ermənistana bütün uçuşları dayandırıb


Bu gündən etibarən İran Azərbaycan və Ermənistana və əks istiqamətdə bütün uçuşları dayandırıb.
Bunu İranın Mülki Aviasiya Təşkilatının sədri Məhəmməd Məhəmmədibəxş deyib.
M.Məhəmmədibəxşin sözlərinə görə, bölgədəki şəraiti nəzərə alaraq, uçuşlar məlumat verilənədək təşkil olunmayacaq.
Məhəmmədibəxş əlavə edib ki, uçuşların dayandırılması ilə bağlı qərar sərnişinlərin təhlükəsizliyi və təhlükəsiz şəkildə uçuşların təşkil olunması ilə əlaqədar verilib.
İranlı rəsmi bilet alan sərnişinlərin qaydalar çərçivəsində biletlərinin geri qaytarılacağını deyib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.(trend)


KARUSEL / DÜNYA
Tarix: 20-09-2023, 14:16