mobil versiya

“Nüvə klubu”nun üzvləri poliqonlarını niyə gücləndirirlər?



“CNN” televiziya kanalının yaydığı xəbərə görə, ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa ediblər. Həmin mərkəzlərin şəkilləri peyk vasitəsilə çəkilib. Maraqlıdır ki, ABŞ, Rusiya və Çin yeni nüvə sınaqları barədə məlumat yaymayıblar. Belə olan halda yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?
Peyk vasitəsilə yeni 3 nüvə mərkəzinin şəkilləri yayımlanıb. Bu Rusiya ərazisində “Novaya Zemlya”, Çində Sincan-Uyğur bölgəsi, ABŞ-da isə Nevada ştatıdır. Bu mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Peyk şəkillərində həmin mərkəzə daxil olanların sayının artdığı təsvir olunub.
Bu o deməkdir ki, bu 3 ölkə bir-birlərinə inanmırlar və nüvə arsenallarını artırır, yeni poliqonlar tikirlər. Halbuki, keçmiş SSRİ-də sonuncu dəfə nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə həyata keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyiblər.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmi qorxudub. Çünki Rusiya nüvə dövlətidir, müharibədə istədiklərini əldə etmədikdə nüvə silahından istifadə edə bilər. Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrini tez-tez nüvə silahı ilə hədələyirlər. Təsadüfi deyil ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqust ayında “Novaya Zemlya” ərazisindəki nüvə poliqonuna səfər edib. Şoyqu nüvə arsenalının mövcud vəziyyətini öyrənmək və Qərbə mesaj göndərmək üçün poliqona gedib. Həmin poliqon 1954-cü ildə inşa olunub. Bu ərazidə 1990-cı ilə qədər 100-dən çox nüvə sınağı həyata keçirilib. Çin isə Tayvan adasını ələ keçirməyə çalışır və ABŞ-la müharibə başlayarsa nüvə silahından istifadə barədə düşünəcək.
Dünyada nüvə dövlətlərinin sayı getdikcə artır. Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan ediblər. Yaxın Şərq bölgəsində İsrailin nüvə silahı var. İran nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə edəcəklər. Bu vəziyyətdə ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirməyə qərar alıblar. Halbuki, bu dövlətlər daima nüvə silahından birinci istifadə etməyəcəklərini açıqlayırlar. Ancaq buna inanan azdır.

“Atlas” Araşdırmalar Mərkəzi

KARUSEL / DÜNYA
Tarix: 29-09-2023, 15:14