Milli Məclis Prezident və Birinci xanımı təbrik edib
Milli Məclis Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Parlaemntin bu günkü iclasında MM-in sədri Sahibə Qafarova sabah Müstəqilliyin Bərpası Gününü qeyd ediləcəyini xatırladıb.
Sədr bildirib ki, bu, çox tarixi gündür: “Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür. Ovaxtkı iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, Birinci vitse-prezident institutu təşkil edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə ulu öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu. Dövlət başçısı Xankəndidə çıxışında da öz mesajlarını verdi. Mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq”.
Təklif qəbul edilib.
Sədr, həmçinin, xatırladıb ki, bu gün Gəncənin raket atəşinə tutulmasının ildönümüdür: “Şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.
KARUSEL / SİYASƏT
Tarix: 17-10-2023, 11:35