mobil versiya

"Azad ediləcək hər 10 girova görə atəşkəsi daha bir gün uzatmaq barədə razılığa gəlmişik" - İsrail rəsmisi



İsrail HƏMAS hərəkatının azad edəcəyi hər 10 girov müqabilində atəşkəs rejimini daha bir gün uzatmağa hazırdır.
CNN telekanalı bu barədə İsrail Baş nazirinin müşaviri Mark Regevə istinadla məlumat yayıb.
“İsrailin humanitar atəşkəsin uzadılması ilə bağlı mövqeyi aydındır. Biz azad ediləcək hər 10 girova görə atəşkəsi daha bir gün uzatmaq barədə razılığa gəlmişik. Lakin HƏMAS razılaşmanın şərtlərini yerinə yetirməsə və girovları azad etməsə hərbi əməliyyatlar davam edəcək”, - deyə Mark Regev bildirib. Onun sözlərinə görə, hazırda Qəzza sektorunda ən azı 140 girov qalır.
İsrail Baş nazirinin müşaviri, həmçinin HƏMAS hərəkatını məhv etməkdə və onun Qəzza sektorunda hakimiyyətinə son qoymaqda qərarlı olduqlarını vurğulayıb.
Xatırladaq ki, noyabrın 22-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda dörd günlük humanitar atəşkəs haqqında razılığa gəlib. Razılaşma çərçivəsində İsrail həbsxanalarında saxlanılan fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Fələstin eksklavında saxlanılan girovların azadlığa buraxılması nəzərdə tutulur.
Noyabrın 27-də Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin Qəzzada humanitar atəşkəs rejiminin eyni şərtlərlə daha iki gün uzadılması barədə razılığa gəldiklərini bildirib. Noyabrın 30-da səhər saatlarında atəşkəsin daha bir gün uzadıldığı elan edilib.

KARUSEL / DÜNYA
Tarix: 30-11-2023, 15:47