mobil versiya

Qarabağ Universitetində 2024-cü ildə 800-1000-dən artıq tələbənin təhsil alması planlaşdırılır



Qarabağ Universitetində 2024-cü ildə 800-1000-dən artıq tələbənin təhsil almasını planlaşdırırıq.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki,Qarabağ Universitetində 30-40 nəfər akademik heyət yaşayacaq.
“İnfrastruktura tədris binaları, auditoriyalar, kitabxanalar, idman zalları və yataqxana daxildir. Müəllimlərin bir qismi yaxın ərazilərdə yaşayacaq. Tədrisin təşkili növbəli şəkildə olacaq. Qəbul prosesi ənənəvi şəkildə aparılacaq. Eyni zamanda, "Sabah" qruplarını da Qarabağ Universitetinə müraciət əsasında köçürməyi düşünürük. "Sabah" qruplarında oxuyan istedadlı gənclərin Qarabağ Universitetində oxuması yeni başlanğıc olacaq. Qarabağ Universitetinin digər universitetlərlə ikili təhsili təşkil ediləcək.
İlkin mərhələdə 4 fakültə olmasını planlaşdırırıq. Təhsil və pedaqoji ixtisas öncəliklidir. Universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq”,- deyə nazir bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.(trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: 30-11-2023, 16:47