mobil versiya

Komitə sədri koreyalı qonaqlarla görüşüb



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Koreya Respublikasının nümayəndə heyəti ilə görüşüb. 
Görüşdə B. Muradova hər iki ölkə arasında əlaqələrin yüksələn xətlə, müxtəlif səviyyələrdə inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin hər iki tərəfin maraqlarına uyğun olduğunu deyib. 
O, Azərbaycanda qadın və uşaq hüquqlarının tam şəkildə həyata keçirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri və müsbət təcrübəni diqqətə çatdırıb. Komitənin fəaliyyətində məişət zorakılığı halları ilə mübarizənin vacib istiqamət təşkil etdiyini vurğulayan B. Muradova bu faktların qarşısının alınmasında ikitərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib. 
Davamlı olaraq, Koreya hökuməti tərəfindən Azərbaycanda həyata keçirilən ixtisasartırma, eləcə də maarifləndirmə layihələrinə diqqət çəkən Komitə sədri, xüsusilə də mütəxəssislərin peşəkarlığının artırılması istiqamətində fəaliyyəti yüksək qiymətləndirib və bu əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib. 

Konfransda dəvətə və qonaqpərvərliyə görə Komitəyə təşəkkürünü bildirən Koreya Respublikası Milli Assambleyasının üzvü və Gender Bərabərliyi və Ailə Komitəsinin sədri Kvon İn-suk, təmsil etdiyi ölkədə məişət zorakılığı ilə mübarizə, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində mövcud vəziyyətlə bağlı məlumatları diqqətə çatdırıb. 
O, hər iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacib olduğunu bildirərək, müvafiq qurumlararası münasibətlərin də intensiv və dinamik olması üçün mühüm töhfələrin verilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması istiqamətində müsbət təcrübəsini xüsusi vurğulayan Koreya rəsmisi qadınların liderlik potensialının gücləndirilməsi istiqamətində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirib. 
Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, Komitə sədrinin köməkçisi Teymur Məmmədov, Koreya Respublikası Milli Assambleyasının üzvü, Gender Bərabərliyi və Ailə Komitəsinin sədr müavini, Koreya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun vitse prezidenti Şin Hyun-yonq, müşaiyət edən şəxs Kim Ce-cu və Koreya səfirliyinin 2-ci katibi Yum Seungkyunun iştirakı ilə keçirilən görüş Azərbaycan və Koreya dövlətləri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və müsbət təcrübə modelinin öyrənilməsi istiqamətində fikir mübadiləsinin aparılması ilə davam edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 7-12-2023, 11:13