Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün doqquz yardım mərkəzi mövcuddur - Bahar Muradova
Milli Fəaliyyət Planının digər istiqaməti məişət zorakılığından zərər çəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunmasıdır.
Bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda zərər çəkmiş şəxslər üçün doqquz yardım mərkəzi (onlardan səkkizi qeyri-dövlət mərkəzidir) mövcuddur, onlardan beşi həmçinin sığınacaq xidməti göstərir.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi şöbəsi” həmçinin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə komissiya yaradılıb”,- deyə sədr bildirib
Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.
(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 6-12-2023, 11:04