Azərbaycanın bəzi rayonlarının inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilib
Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Qanuna əsasən,
Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.
Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.
Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin dövlət mülkiyyətində olan 139 ha torpaq sahəsi, habelə ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin dövlət mülkiyyətində olan 1 025 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Məzrə kəndinin dövlət mülkiyyətində olan 329 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Alıcan kəndinin dövlət mülkiyyətində olan 384,0 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Ağdam rayonunun inzibati ərazisinə verilib.
Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Qubadlı rayonunun inzibati ərazisinə verilib.
KARUSEL / ÖLKƏ
Tarix: 27-12-2023, 16:30