İlk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində istifadəyə verilib

Gəncə şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başlayıb.
Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerBlast” MMC-nin özəl tərəfdaşı olan “DM Service” şirkətinin nümayəndəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib.

Ümumi sahəsi 5665 m2 olan müəssisənin inşasına 2023-cü ilin yanvar ayında başlanıldığını, inşaat prosesinin 12 ay davam etdiyi diqqətə çatdırılıb. Zavodun istehsal xətti Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

Müəssisənin təhlükə potensiallı istehsal sahəsi olduğu xüsusilə nəzərə alınaraq, zavodda yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub, istehsalatın yüksək ekoloji norma və standartlara cavab verən şəkildə təşkil edilib.
Qeyd edək ki, Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu layihəsinə 15 milyon manat məbləğində sərmayə qoyulub. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda yerləşməsi, həmçinin bölgədə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə verməkdir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-12-2023, 10:10