mobil versiya

“Mossad”ın rəhbəri 35 günlük atəşkəsi ehtiva edən planını ölkənin hərbi kabinetinə təqdim edib



İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea 35 israilli girovun azad edilməsi müqabilində HƏMAS hərəkatı ilə 35 günlük atəşkəsi ehtiva edən planını ölkənin hərbi kabinetinə təqdim edib.
İsrail televiziyasının 12-ci kanalının yaydığı məlumata görə, mümkün sövdələşmə mərhələli xarakter daşıyacaq. İlk olaraq qadınların və yaşlı insanların, eləcə də xəstələrin və yaralıların azad ediləcəyi nəzərdə tutur. Digər girovların azad ediləcəyi ikinci mərhələ barədə danışılar üçün atəşkəs rejimi daha bir həftə uzadıla bilər. HƏMAS hərəkatına təhvil veriləcək fələstinlilərin sayı isə hələ müəyyənləşməyib.
Hazırda HƏMAS-ın əlində ümumilikdə 136 girovun olduğu ehtimal edilir.
France-Presse agentliyinin məlumatına görə, yanvarın 28-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Parisdə Qətər, Misir və İsrail nümayəndələri ilə görüşüb. Nəticədə HƏMAS və İsrail arasında mərhələli girov mübadiləsi, hərbi əməliyyatların dayandırılması və Qəzza sektoruna humanitar yardımın çatdırılması üzrə yeni saziş barədə ilkin razılıq əldə olunub. Yanvarın 30-da HƏMAS girovlara dair Parisdə razılaşdırılan təklifi aldığını təsdiqləyib.

KARUSEL / DÜNYA
Tarix: 1-02-2024, 12:27