mobil versiya

Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparılacaq



Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparılacaq.
Bu haqda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Xorvatiya Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçin görüşündə bildirilib.
Belə ki, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, mina partlayışlarının insanların həyat və sağlamlığına törətdiyi ciddi fəsadlar, minaların dağıdılmış, viran edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, eləcə də icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə nümayəndə heyətinə məlumat verilib.
Frano Matuşiç işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində icra edilən, çox həssas və çətin fəaliyyət olan minatəmizləmə əməliyyatlarının, habelə yenidənqurma işlərinin dayanıqlı inkişaf məqsədləri ilə əlaqəli icrasının müsbət göstərici olduğunu bildirib.
Həmçinin, görüşdə, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, xüsusilə də ölkəmiz üçün priotitet sahə olan humanitar minatəmizləmə istiqamətində fəaliyyətin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu sahədə ixtisaslaşmış Xorvatiya şirkətləri ilə Agentliyin mümkün təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, ANAMA və Xorvatiyanın müvafiq qurumları arasında minatəmizləmə sahəsində uzun illərə dayanan faydalı əməkdaşlıq tarixçəsi mövcuddur. 2012-ci ildə hər iki ölkə rəhbərinin iştirakı ilə “Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

KARUSEL / SİYASƏT
Tarix: 20-02-2024, 15:22