Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “DİMDEX-2024” Beynəlxalq Sərgi və Konfransında iştirak edir
Dohada təşkil edilən “DİMDEX-2024” 8-ci Beynəlxalq Dəniz Müdafiəsi üzrə sərgi və konfransı işə başlayıb. Sərginin açılış mərasimində Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində H.Əzimov Qətər Dövlətinin Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd Əl Attiyyah ilə görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Daha sonra H.Əzimov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün, həmçinin “Makina ve Kimya Endüstri” və “Repkon” şirkətlərinin rəhbərliyi ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Rabitə vasitələri, dalğıc avadanlıqları, helikopterlər, sahil patrul təyyarələri, raketlər və idarəetmə, həmçinin naviqasiya sistemləri, təhlükəsizlik avadanlıqları, simulyatorlar, sualtı qayıqlar, torpedalar, pilotsuz uçuş aparatları və digər müdafiə təyinatlı məmulatların nümayiş etdirildiyi “DIMDEX-2024” sərgisi martın 6-dək davam edəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2024, 17:12