Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclasına həsr olunan dəyirmi masa təşkil edilib
Martın 13-də Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclasına həsr olunan hibrid formatda dəyirmi masa təşkil edilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qarşılıqlı marağın artdığını deyən F. Şəfiyevin sözlərinə görə, hər iki ölkə energetika, nəqliyyat sahələrində strateji layihələr üzərində çalışır.
“İkitərəfli ticarət dövriyyəsinin, eləcə də Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi artır. Son iki il ərzində Orta Dəhlizlə bağlı gömrük sahəsində, eləcə də bürokratik sahədə mövcud maneələrin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin şahidi oluruq. Ümumi trendi müsbət dəyərləndirirəm”.
Türk Dövlətləri Təşkilatının qlobal çəkisinin artdığını deyən Fərid Şəfiyev qeyd etdi ki, Qazaxıstan təkcə sözlərdə deyil, həm də əməldə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iki günlük səfəri çərçivəsində Şuşaya səfər, eləcə də Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə açıq dəstəyin təzahürüdür”.
İntellektual çevrələr arasında ortaq fəaliyyətlərin zəruriliyini önə çəkən Fərid Şəfiyev BMTM-in bu istiqamətdə təşəbbüslərə açıq olduğunu deyib.
Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov Ekspert Şurasının iclaslarının iki ölkə lideri tərəfindən başladılan prosesin məntiqi yekunu kimi xarakterizə edib. Onun sözlərinə görə, yeni regional və subregional reallıqların yaratdığı çağırışlara uyğun olaraq, beyin mərkəzləri hazırlıqlı olmalıdır. Gənclər siyasəti ilə bağlı problematikanın önə çəkilməli olduğunu deyən Y. Tukumov gənclər arasında təmaslarına artırılmasının vacibliyini diqqətə çatdırıb.
O, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yaxınlaşmasında Azərbaycan və Qazaxıstanın açar rolu oynamalı olduğunu bildirib.
Y. Tukumov intellektual çevrələr arasında fikir mübadilələrinin davam etidirməli oluğunu, ekspert diplomatiyasının vacibliyini vurğulayıb.
Tərəflər arasında bütün sahələrdə əməkdaşlığın intensivləşdiyini deyən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki, icra edilməkdə olan irimiyaslı layihələr konkret regionlarla yanaşı, həm də qlobal səpkidə vacib töhfələr verəcək. A. Bayel həm də Qazaxıstandan elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropaya ixracının mümkünlüyü məsələsinin müzakirə edildiyini deyib.
Qazaxıstan Prezidentinin Azərbaycana səfərinin uğurlu olmasını vurğulayan Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyinin müşaviri Rövşən Kazımov ortaq dəyərlərin ölkələrarası sıx əməkdaşlıq üçün zəmin formalaşdırdığını diqqətə çatdırıb.
Daha sonra Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Aydos Sarım, “Tətbiqi Etno-siyasi Araşdırmalar İnstitutu”nun direktoru Talqat Kaliyev, Cənubi Qafqaz Politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev, Beynəlxalq Münasibətlərin Təhlili mərkəzinin eksperti Roza Bayramova və Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiyaşünaslıq şöbəsinin müdiri Aydar Kurmaşevin çıxışları dinlənilib.
KARUSEL / SİYASƏT
Tarix: 13-03-2024, 19:02