mobil versiya

Səfir:"Qazaxıstan və Azərbaycan regional əhəmiyyətli layihələr həyata keçirir"


Qazaxıstanın Azərbaycandakı Səfirliyi Respublika Gününün qeyd olunması münasibətilə rəsmi qəbul keçirib.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel  çıxışında son ildə Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişaf templərinin ilk növbədə iki ölkə  Prezidentləri arasında etimada söykənən dialoqu sayəsində sürətləndiyini qeyd edib. Səfir, Azərbaycanı və Qazaxıstanı türk eyniliyi birləşdirdiyini və hər iki ölkənin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün birgə çalışdığını vurğulayıb. Diplomat həmçinin Orta Dəhliz (TBNM), Xəzər dənizin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli kimi iri layihələrin həyata keçirilməsindən söz açıb. Deyib ki, Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafı üzərində birgə işləyirlər. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların həcmi 85 faiz artıb: "Son illər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq xeyli intensivləşib. Bu il ticarət dövriyyəsi 60 faiz artıb. Mərkəzi Asiya ölkələrindən Azərbaycana gələn turistlərin demək olar ki, yarısını qazaxıstanlılar təşkil edir. Qazaxıstan və Azərbaycan təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyətli layihələr həyata keçirirlər. Qazaxıstan və Azərbaycan təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyətli layihələr həyata keçirirlər", - deyə səfir bildirib.
Alim Bayel qeyd edib ki, bu il Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber optik kabelin çəkilişinə də başlayıb və bu da öz növbəsində Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin mühüm tərkib hissəsidir. Bundan əlavə, səfir 2023-cü ildə Qazaxıstanın da Azərbaycan vasitəsilə neft ixracına başladığını vurğulayıb.
"Biz neftimizin Azərbaycan ərazisindən nəqlini bir neçə milyon tona çatdırmağı planlaşdırırıq", - deyə o əlavə edib.

Azərbaycanın Energetika Naziri, Qazaxıstan-Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həmsədri Pərviz Şahbazov çıxışında münasibətlərin qardaşlıq xarakterini daşıdığını, iki ölkə və xalq arasında strateji tərəfdaşlığını vurğulayıb. Deyib ki, Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına öz töhfəsini verir. Azərbaycan və Qazaxıstan sürətlə inkişaf edən müstəqil dövlətlər, strateji tərəfdaşlar və müttəfiqlərdir: "Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Azərbaycan və Qazaxıstan dövlət başçıları - İlham Əliyev və Kasım-Jomart Tokayevin siyasi iradəsinin nəticəsidir. Prezident İlham Əliyevin bu ilin aprelində Qazaxıstana rəsmi səfəri zamanı imzalanmış sənədlər, o cümlədən “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” ölkələr arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Bu gün qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması, enerji resurslarının Azərbaycan üzərindən tranziti, Orta Dəhliz çərçivəsində birgə fəaliyyət, o cümlədən digər sahələrdə əlaqələrin genişləndirilməsi əməkdaşlığımızın əsas məqsədlərindəndir".
Nazir əlavə edib ki, Qazaxıstanın Füzulidə Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü qardaşlıq münasibətlərinin təzahürüdür.

Tədbir zamanı A.Bayel Prezident K.Tokayevin adından və tapşırığına əsasən Azərbaycan Respublikasının xadimlərinə dövlət mükafatları və fəxri fərmanları təntənəli şəkildə təqdim edib. Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyev və Azərbaycanın tanınmış nasiri, publisisti, ssenaristi və tərcüməçisi Nəriman Əbdülrəhmanlı II dərəcəli “Dostluq” ordeni ilə təltif olunublar. Qazaxıstanla Azərbaycan arasında qardaş münasibətlərin təşviqi, ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsi üzrə verdiyi töhfələrə görə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanları ilə təltif olunublar.

Rəsmi qəbul çərçivəsində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Qazaxıstanın Mərkəzi Dövlət Muzeyi və Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan etnoqrafik sərgi qonaqlara təqdim olunub. Tədbir qonaqları qazax xalqının ənənəvi mədəniyyətinin müxtəlifliyini əks etdirən qədim təsərrüfat və məişət əşyaları, geyimləri, atçılıq avadanlıqları, xalça-keçə və digər milli məmulatları ilə tanış olublar. Eyni zamanda tematik fotosərgi təşkil olunub. Dəvət olunanlar fotoşəkillərdə əks olunan Qazaxıstan peyzajları ilə tanış olublar.
Tədbirdə Şımkent Şəhər Opera və Balet Teatrının artistləri konsert proqramı ilə çıxış ediblər. Qazax və Azərbaycan xalq mahnıları ifa olunub və rəqsləri nümayiş olunub, Qazaxıstan və Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirilib.
Qonaqlara həmçinin Qazaxıstan milli mətbəxinin təamları və tanınmış Qazax müəlliflərin Azərbaycan dilində olan kitabları təqdim olunub.





KARUSEL / SİYASƏT
Tarix: 24-10-2023, 23:09