İlham Əliyev Qazaxıstanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğuladı.
Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd etdi, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirdi. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını dedi.
Dövlətimizin başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Azərbaycan Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğuladı və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini dedi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd etdi.
Səfir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqilik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etdi.
Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirdi. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd etdi.
Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulandı.
KARUSEL / SİYASƏT
Tarix: 29-05-2023, 13:36