mobil versiya

102 minə yaxın uşaq artıq birinci sinfə qəbul edilib



Bu günə qədər 102 minə yaxın uşaq artıq birinci sinfə qəbul edilib və onların müəllimləri seçilib.
Bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, 10 minə yaxın uşaq rus bölməsində təhsil almaq istəyir: “Onlar hazırda müsahibə mərhələsindədir. Ümumilikdə uşaqların təxminən 80 faizi müsahibədən keçir, 20 faizə yaxını qeyri-məqbul qiymət alır. Müsahibə mərhələsində iştirak edib uğur qazana bilməyən uşaqlar heç bir sıxıntı olmadan Azərbaycan bölməsində sorğu yerləşdirərək təhsil ala bilərlər. Müsahibədə uğur qazana bilməyən uşağın valideyni bununla bağlı Apellyasiya komissiyasına müraciət edə bilər”.
Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. Birinci sinfə elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 15-05-2024, 13:42