mobil versiya

İki ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub


Lənkəran Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində bu ilin martında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyənləşdirilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisindəki evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməyi ilə meyiti həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
 


KARUSEL / HADİSƏ
Tarix: 16-05-2024, 10:33