Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb
İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament görüşünün təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Milli Məclisin sədri imzalanan sənədin əhəmiyyətini qeyd edərək deyib ki, Parlament görüşü COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında dəstək verəcək. Onun sözlərinə görə, bu tədbir parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə imkan verəcək. Spiker, Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə səyləri ilə görüşün yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
KARUSEL / SİYASƏT
Tarix: 17-05-2024, 11:22