İranda məhbus Nobel mükafatçısı 10 ildir övladları ilə görüşə bilməməsindən şikayət edib
Nobel Sülh mükafatı laureatı, məhbus hüquq müdafiəçisi Nərgiz Məhəmmədi iki övladı Kiana və Əlidən 10 ildir ayrı düşüb.
“İran İnternational” xəbər verir ki, bu barədə onun instaqram səhifəsində məktub dərc edilib.
Oğlu və qızından ayrı düşməsinin 10-cu ildönümü ilə əlaqədar yayılan məktubda bildirilib ki, o, mübarizə, müqavimət hərəkatının rəmzidir.
Ötən ilin dekabrında Nobel mükafatı onun övladlarına təqdim edilib. Onda Əli və Kiana Rəhmani bildirmişdi ki, İranda hökm sürən şərait səbəbindən bir daha analarını görməyə bilərlər.
Nərgiz Məhəmmədi isə övladların sevgisi barədə belə yazıb: “Oğlum və qızım mənim mehriban ana olduğumu, ürəyimin daim onlara sevgi ilə vurduğunu yaxşı bildiklərinə ümid edirəm”.
Onun oğlu və qızı hazırda ataları ilə birlikdə Fransada yaşayırlar. Övladlarının anaları ilə telefon danışığına belə icazə verilməyib.
Nərgiz Məhəmmədiyə qarşı irəli sürülən müxtəlif ittihamlara əsasən, onun həbs müddəti ümumilikdə 13 il 3 aya çatıb.
O, 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.
Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
2023-cü il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.
Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır.
Güney Azərbaycandan olan hüququ müdafiəçisi 2024-cü ilin yanvarında 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.(report)
KARUSEL / DÜNYA
Tarix: 17-07-2024, 10:42