Komitə sədri Bibiheybət ziyarətgah kompleksində din xadimləri ilə görüşüb
Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri din xadimləri ilə görüşdə ölkəmizdəki nümunəvi həmrəylik və mənəvi vəhdət mühitinin, dinə dövlət dəstəyinin Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri konsepsiyasına uyğun olaraq möhkəmləndiyindən danışıb, eyni zamanda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
R.Məmmədov Ümummilli Lider Heydər Əliyevin məscidin yenidən tikilməsi ilə bağlı təşəbbüsünü, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğısı sayəsində Bibiheybət ziyarətgah kompleksinin genişləndirilməsi və yenidən qurulmasını dövlətin dinə qayğısının bariz nümunəsi olduğunu deyib.
Ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən bəhs edən Komitə sədri tövsiyələrini din xadimlərinin diqqətinə çatdırıb, xalqımıza xas milli birlik ənənələrinin, mənəvi dəyərlərin təbliğində onları daha fəal iştirak etməyə çağırıb.
Görüşdə din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-08-2024, 17:52