mobil versiya

Bəstəkar Rəhilə Həsənova vəfat edib



Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış bəstəkar Rəhilə Həsənova 2024-cü il avqustun 10-da, 73 yaşında vəfat edib.

Rəhilə Teymur qızı Həsənova 1951-ci il noyabrın 10-da Bakıda anadan olub. Bəstəkarlıq üzrə Xəyyam Mirzəzadə, Qara Qarayev kimi görkəmli bəstəkarlardan dərs alıb. Akademik musiqiyə yeni mövzu və obrazlar gətirmiş bəstəkarın “Yurt”, “Qavaldaş”, “Xəzri-Gilavar”, “Yallıvari”, simfonik orkestr üçün “Eos-Helios”, “Perfect Equilibrium” piano kvinteti, “Solar Winds” ağac nəfəs alətləri kvarteti, “Penetrations” kimi əsərləri musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Pedaqoji və elmi fəaliyyətlə də məşğul olan bəstəkar bir sıra elmi məqalələrin, dərs vəsaitlərinin (o cümlədən “Solfecio” müəllif dərsliyinin), monoqrafiyaların müəllifidir. 2005-ci ildə “Musiqi nəzəriyyəsi fənlərarası tədqiqat obyekti kimi” mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Bəstəkarın əsərləri müxtəlif xarici ölkələrdə uğurla səsləndirilib, beynəlxalq festivalların proqramına daxil edilib. ABŞ, Böyük Britaniya, Almaniya və Polşada bəstəkarın müəllif konsertləri gerçəkləşib. 2004-cü ildə Almaniyada “Derwisch” adlı kompakt-diski işıq üzü görüb. R.Həsənova İtaliyada “Donne in Musica” fondunun festivallarında (1998-2000) Azərbaycanı təmsil edib. 1993, 2003-cü illərdə Bakıda bəstəkarın “Merac gecəsi” adlı müəllif konsertləri keçirilib.
Rəhilə Həsənova ömrünün son illərində ölkəmizdən kənarda yaşasa da, Azərbaycan mədəniyyəti ilə sıx bağlı idi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bəstəkar Rəhilə Həsənovanın vəfatı ilə əlaqədar sənətkarın ailəsinə və yaxınlarına, eləcə də musiqi ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-08-2024, 09:42